Əkilən an bar verən ağac

Harun ər-Rəşid əyin-başını dəyişdirib saray əyanları ilə kəndlərin birindən keçirdi. Öz bağçasında işləyən bir qocanı gördülər. Xəlifə yaxınlaşıb qocaya salam verdi, nə işlə məşğul olduğunu soruşdu.

Qoca cavab verdi: “Xurma ağacları əkirəm”. Harun ər-Rəşid soruşdu: “Əkdiyin fidanlar neçə ildən sonra bar verəcək?”. Qoca: “İnşaallah, on beş ildən, bəlkə də iyirmi ildən sonra”. Xəlifə heyrət içində idi: “Qoca, düşünürsən ki, 15-20 ildən sonra sağ qalacaqsan? Axı, bu ağacların məhsulunu görmək yəqin ki, sənə qismət olmayacaq”. Ağsaqqal kişi əhvalını pozmadan söylədi: “Nə olsun ki? Bizdən əvvəlkilər ağac əkdilər, meyvəsini özləri yeyə bilmədilər, biz yedik. İndi də mən əkirəm, qoy meyvəsini bizdən sonrakı nəsillər yesin”.

Qocanın alicənablığından təsirlənən Harun ona bir kisə qızıl bağışladı. Qoca qızılları alıb Allaha dua etdi: “İlahi, Sənə şükr olsun. Hamı əkdiyi ağacın bəhrəsini neçə ildən sonra görür, mən isə həmin an ağaclarımın faydasını qazandım”.

Xəlifə gördü ki, qoca həm də dindar, şükr edən, gözütox adamdır. Buna görə ona daha bir kisə qızıl verdi. Qoca yenə əllərini səmaya qaldırıb şükr etdi: “İlahi, Sənə şükr olsun. Hamının ağacı ildə bir dəfə bar verir, mənim ağacım isə dalbadal iki dəfə məhsul gətirdi”.
Harun vəziyyəti belə görəndə əyanlarına qayıtmaq işarəsi verib dedi: “Tez qayıdıb gedək. Bu kişi hər dəfə şükr edəndə mən özümü saxlaya bilməyib ona bir kisə qızıl verəcəyəm. Qorxuram ki, bütün xəzinəmi verib müflis olaram”.


Davamı →

Sənin üçün qiymət tamam başqadır

Deyirlər ki, Bəhlul Danəndə boş vaxtlarında çay kənarına gəlib, orada gildən evcik düzəldərdi.  Bir gün Harun ər-Rəşidin xanımı Zibeydənin yolu çay sahilinə düşür.

Bəhlul yenə gildən evcik düzəltməklə məşğul idi. Düzəltdiyi evin qarşısında bağçaya bənzər sahə ayırmış, buraya bir neçə ot-ələf basdırmışdı. Zibeydə yaxın gəlib Bəhluldan soruşur: “Bəhlul, burada nə edirsən?” Bəhlul cavab verir: “Cənnət düzəldirəm. Bax, bu, cənnət qəsridir. Bu isə ətrafındakı bağçadır. Bu ağacların altından süd çayları axır”.

Zibeydə gülümsəyib soruşur: “Düzəltdiyin cənnəti neyləyəcəksən?” Bəhlul: “Müştəri tapıb satacağam”. Zibeydə soruşmağa davam edir: “Mənə satarsanmı?” Bəhlul: “Sataram” – deyir. Zibeydə “cənnət”in qiymətini soruşanda Bəhlul cavab verir ki, bunun qiyməti yüz dinardır. Zibeydə yanındakı kənizə tapşırır ki, Bəhlula yüz dinar versin. Bəhlul pulu alıb söyləyir: “Bu cənnət indi oldu səninki. Amma bunu təsdiq edən sənəd hələ hazır deyil. Sabaha kimi sənəd hazır olub sənə təqdim edilər”.


Ardı →

Halallığın mükafatı

Məşhur alim İbn Cövzi “Səfvətüs-səfvə” kitabında tarixçi Təbərinin dilindən maraqlı bir hadisə nəql edir. Bu hadisə hicri 240-cı (təqribən miladi 855-ci) ildə Məkkədə baş vermişdi, o zaman Təbərinin 16 yaşı vardı.

Təbəri xatırlayırdı ki, həmin il həcc mövsümündə Məkkədə elmi fəaliyyətlə məşğul idim, “Nəsəb” kitabını yazırdım. Bir gün əslən Xorasandan olan bir nəfər camaatın içində durub haray çəkdi: “Ay hacılar! Mən min dinarlıq pul kisəmi itirmişəm. Hər kim pulları tapsa, mənə qaytarsın. Əvəzində Allah onun savabını artırar”.

Bu vaxt İmam Cəfər Sadiqin (ə) məvalilərindən (azad etdiyi qullarından) olan bir qoca kişi ona deyir: “Bizim şəhərdə çoxlu kasıb adam yaşayır, onların pula ehtiyacı var. Məkkəlilər bir il gözləyirlər ki, həcc mövsümündə ziyarətə gələnlərə xidmət edib çörək pulu qazansınlar. Sən pulu tapan adama gözaydınlığı boyun ol ki, bu halda pulu sənə tez qaytararlar”. Xorasanlı kişi soruşur: “Nə qədər muştuluq verməyimi təklif edirsən?” Qoca cavab verir: “Məsələn, pulun ondan-biri qədər, yəni 100 dinar”. Amma pul sahibi qəti şəkildə etiraz edib söyləyir: “Xeyr, verən deyiləm. Mən bunun savabını Allahın öhdəsinə buraxıram”. Beləliklə, söhbət nəticəsiz qalır, hamı dağılışıb gedir.


Ardı →

Özünü tülküyə yox, aslana tay tut!

“Başqasından nə isə istəməkdən çəkin! Çünki bu iş dünyada zəlilliyə səbəb olar, ardınca fəqirlik gətirər, qiyamətdə isə uzun-uzadı sorğu-sualla nəticələnər”. Hz. Mühəmməd Peyğəmbər (s.ə.s)

ozunu aslana tay tutKeçmiş zamanlarda bir dərviş vardı. Dərviş gününün çox hissəsini tənhalığa çəkilib ibadət etməklə keçirirdi. Amma camaata möhtac olmağı da xoşlamazdı. Bunun üçün günün bir hissəsini işləməkdən ötrü ayırmışdı. Bir az işləyər, əlinin zəhməti ilə qazandığı pula yemək alardı. Ehtiyacından artıq qalanı isə fəqirlərə verərdi.

Bir gün yenə səhrada ibadətlə məşğul ikən gözü bir tülküyə sataşdı. Tülkünün ayaqları kəsilmişdi, sürünə-sürünə yeriyirdi. Dərviş öz-özünə fikirləşdi: “Görəsən, bu tülkü nə ilə dolanır? Bütün vəhşi heyvanlar ov etməyin hesabına yaşayırlar. Ov etmək üçün heyvana iti qaçan ayaqlar lazımdır. Bu biçarənin ayaqları yoxdur. Görəsən, Allah bunun ruzisini hansı yolla yetirir?”

Dərviş bu fikirdə ikən gördü ki, uzaqdan bir aslan ovladığı ceyranı dişində sürüyərək gətirir. Aslan ceyranın leşini yerə qoyub parçaladı və yeməyə başladı. Doyandan sonra leşin qalıqlarını orada qoyub uzaqlaşdı. Bayaqdan bəri onu güdən tülkü sürünə-sürünə gəldi, ceyranın ətindən yeyib qarnını doyurdu.


Ardı →

Otağın əvvəlki sahibi


Aprel ayı idi. Amerikanın uzaq bir qəsəbəsinin uzaq bir otelində otaq tutmuşdum. 
Otağa girəndə pəncərənin kömür anbarına açıldığını gördüm. Deməli, hər gün pəncərəni açacaq və hər dəfə kömür anbarını görəcəkdim. Bunları düşünürdüm ki, birdən gözümə pəncərənin yanındakı masa dəydi. Masanın üzərində bir vaza, vazanın içərisində isə bir dəstə qızılgül var idi. Yanında isə üzərində nə isə yazılmış bir kağız qoyulmuşdu.

Kağızda bu sözlər yazılmışdı: “Ora baxmaq əvəzinə, bura bax! İmza: Otağın əvvəlki sahibi!..” Birdən sanki qaranlıq bir yerdən çıxıb işıqlı bir yerə düşdüm. O qədər xoşbəxt idim ki, hətta o bir həftənin belə necə keçdiyini bilmədim. Həftənin axırında isə qızılgüllərin əvəzinə bir dəstə qərənfil qoyub otaqdan çıxdım. İndi hər dəfə bu hadisəni xatırlayır və “otağın əvvəlki sahibinin” mənim kimi neçə nəfərin “həyatını xilas etdiyini” düşünürəm…
Davamı →

Dəyişə bilməyəcəyimiz dörd şey

 Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni  götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda  qadın:

 “ Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu qədəri də çoxdu! Çox hirslənmişdi indi. Qadın əsəbi halda kitabını və digər şeylərini götürüb bir külək kimi giriş salonuna oradan da təyyarənin içinə yönəldi. Təyyarədəki kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsün? Peçenye paketi açılmamış olaraq orada dayanırdı. Çox utandı. Çox böyük bir səhv etdiyini anladı. Peçenyelərinin paketini açmadan çantasına qoyduğunu unutmuşdu. Adam öz peçenyelərini, heç əsəbiləşmədən, qadınla paylaşmışdı. Qadın öz peçenyelərinin paylaşıldığını düşünərək çox əsəbləşmişdi. Və indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr istəmə imkanı da qalmamışdı.

   Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var

— Daş… atıldıqdan sonra!

— Söz… ağızdan çıxdıqdan sonra!

— Fürsət… qaçdıqdan sonra!

— Zaman… keçdikdən sonra!


Davamı →

Birgünlük icazə

İmtahanlara 180 gün qalmışdı. Şagirdlərdən biri müəllimin yanına gələrək birgünlük icazə istədi. Müəllim, əvvəlcə, bir qədər susdu, sonra üzünü şagirdə tutub danışmağa başladı: «Deməli, birgünlük icazə istəyirsən. Elə isə gəl sənin nə istədiyini birlikdə hesablayaq: İmtahanlara 180 gün var. Həftədə hər gün 8 saat dərsin var. Bu edər 60 gün. Yerdə qaldı 120 gün. Hər gün 1 saat nahar fasiləsi. Bu da edər 8 gün. Yerdə qaldı 112 gün. Şənbə günləri 5 saat əlavə dərsdə olursan. Bu da edər 11 gün. Yerdə qaldı 101 gün. Gündə orta hesabla 8 saat yatırsan. Bu da edər 60 gün. Yerdə qaldı 41 gün. Həftədə hər gün 3 saat sinif yoldaşlarınla dərs hazırlayırsan. Bu da edər 3 gün. Yerdə qaldı 38 gün. Hər gün evə gedib — gəlmək üçün 2 saat sərf edirsən. Bu da edər 15 gün. Yerdə qaldı 23 gün. Bundan da ən azı 3 gününü xəstəlik üçün çıxaq. Qaldı 20 gün. Bu günlərdən də ən azı 7-si bayram günlərinə gedəcək, qaldı 13 gün. Ən azı bir həftəni laboratoriyalarda keçirəcəksən, yerdə qaldı 6 gün. Hər gün yarım saat çay fasiləsinə gedəcək. Bu da edər 4 gün. Yerdə qaldı 2 gün. Gündə 8 dəqiqə güzgünün qarşısında keçirirsən, buda edər 1 gün. Yerdə qaldı 1 gün. Əgər mən sənə bu 1 günü icazə versəm, sən imtahanları necə verəcəksən? „                                                                                                                                                                                                                                       Ailəm jurnalı
Davamı →

İki yuxu, iki fərq

Bir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin ağası idi. O qədər varlı idi ki, hamı onun var-dövlətindən danışırdı. Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın çörəyə işləyirdi.  Bir gün kiçik qardaş ağacın altında oturur. Çox yorulduğu üçün onu yuxu tutur. Çox keçməmiş böyük qardaş gəlir. Ayağı ilə kiçik qardaşı vurub: «Qalx, iş vaxtı yatmaq olmaz. Unutma ki, işləməyən dişləməz», — deyir. Kiçik qardaş alakal oyanıb gözlərini ovuşdurur və: «Qardaş, məni niyə oyatdın? Çox gözəl yuxu görürdüm. Yuxuda böyük torpaqlarım, sürüylə atım, mal-qaram, ucu-bucağı görünməyən otaqlarım, var- dövlətim var idi. O qədər gözəl bir yuxu idi ki… Kaş ki, məni  oyatmayaydın...» — deyir. Böyük qardaş istehza ilə kiçik qardaşa baxır və: «Sən bu saydıqlarını yuxuda görürsən ancaq bütün bunlar indi məndə var», — deyə cavab verir. Kiçik qardaş bir az fikrə gedir, sonra böyük qardaşa üz tutub deyir: «Qardaş, əslində biz ikimizdə yuxu görürük. Sadəcə olaraq, fərq ondadır ki, mənim yuxum mən gözlərimi açanda qurtarır, sənin yuxun isə sən gözlərini yumanda qurtaracaq.»
Davamı →

Hamının haqqı

 Bir uşaq məktəbə gedirdi. Birdən yolunun üstündə bir gül gördü. Əyilib gülü iylədi və sonra yoluna davam etdi. Uşağın bu hərəkətini görən bir adam ona yaxınlaşdı və gülü nə üçün dərmədiyini soruşdu. Uşağın cavabı çox maraqlı idi: "Çünki o gülü iyləmək hamının haqqıdır! "
Davamı →